“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri Laçın Xalid qızı Həsənovanın doğum günü qeyd olunub

News Image

Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri Laçın Xalid qızı Həsənovanın doğum günü qeyd olunub

Universitetimizin Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Laçın Xalid qızı Həsənovanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri Laçın xanımı ziyarət edərək ona səmimi və xoş arzularını çatdırıblar. Görüş zamanı yubilyara səmimi təbriklər çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür ailə səadəti, elmi-pedaqoji fəaliyyətində və ictimai işlərində yeni uğurlar arzulayıblar.

      Laçın Həsənova Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi tədbirlərdə fəal iştirakı, ictimai işlərə xüsusi həssaslığı və həmkarlar təşkilatının fəaliyyətinə verdiyi dəstəklə seçilmişdir. Laçın xanımın universitetin kollektiv həyatına verdiyi töhfələr ictimai fəaliyyətinin mühüm xüsusiyyətlərindəndir.

     Həmkarlar İttifaqı Komitəsi olaraq Laçın Xalid qızını bir daha təbrik edir, ona həyatının bütün sahələrində sevinc, firavanlıq və davamlı nailiyyətlər diləyirik! 

ADPU-da Müəllimlər Günü qeyd olundu

News Image

ADPU-da Müəllimlər Günü qeyd olundu

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun professor-müəllim heyəti, əməkdaşları, tələbələri, məzunları və qonaqlar iştirak ediblər.Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Prof. Cəfər Cəfərov ADPU-nun 105 illik tarixindən və müəllim hazırlığında mühüm rolundan danışaraq bildirib ki, ölkə üzrə pedaqoji ixtisaslara ayrılan hər 100 plan yerindən təxminən 36-sı ADPU və onun filiallarının payına düşür. 2026-2027-ci tədris ilində universitet və filialları üzrə 3605 plan yerinin 3491-i ilk mərhələdə dolub və qəbul planının icrası 96,84 faiz təşkil edib.Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, ADPU-nun Tarix fakültəsinin 2004-cü il məzunu Araz Paşayev müəllimlik peşəsinin cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb, müəllimlərin gələcək nəslin formalaşmasında böyük məsuliyyət daşıdığını vurğulayıb. O bildirib ki, müəllim yalnız bilik verən deyil, eyni zamanda gənclərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və həyata baxışının formalaşmasına təsir göstərən şəxsdir. 

Müəllim əməyinin nəticəsinin illər sonra özünü göstərdiyini qeyd edən Araz Paşayev bu peşənin böyük məsuliyyət və fədakarlıq tələb etdiyini vurğulayıb.

Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbir keçirilib

News Image

Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbir keçirilib

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

    Tədbirdə layiqli əməyin əsas prinsipləri, əmək hüquqlarının qorunması, işçilərin sosial təminatı, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin əmək münasibətlərində qarşılıqlı hörmət və sosial ədalətin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

     Çıxışlarda qeyd olunub ki, layiqli əmək yalnız insanın əmək fəaliyyəti ilə məşğul olması deyil, eyni zamanda onun hüquqlarının qorunduğu, əməyinin layiqincə qiymətləndirildiyi və sosial təminatının təmin olunduğu əlverişli iş mühitinin formalaşdırılması deməkdir.

     Maarifləndirici xarakter daşıyan tədbirdə əmək hüquqları və həmkarlar ittifaqlarının bu sahədə rolu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

     Tədbir əmək hüquqlarının və layiqli əmək prinsiplərinin təbliği baxımından faydalı müzakirələrlə yekunlaşıb.

ADPU-da akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

News Image

ADPU-da akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Azərbaycan İcması, Azərbaycan Respublikasının Təhsil Şurası və ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə akademik Hüseyn Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsil və pedaqoji fikir tarixi” Respublika elmi-praktik konfransının plenar iclası keçirilib.

    Plenar iclasda elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, tədqiqatçılar və pedaqoji sahə üzrə mütəxəssislər iştirak ediblər.

    Giriş sözü ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov akademik Hüseyn Əhmədovun Azərbaycan təhsilinin və pedaqoji elminin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Rektor qeyd edib ki, alimin elmi yaradıcılığı Azərbaycan təhsil tarixinin, pedaqoji fikir və maarifçilik ənənələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Cəfər Cəfərov vurğulayıb ki, akademik Hüseyn Əhmədovun elmi irsinin öyrənilməsi yalnız keçmiş pedaqoji təcrübənin tədqiqi deyil, həm də müasir təhsil proseslərinin elmi əsaslarla dərk edilməsi baxımından əhəmiyyətlidir. Rektor Azərbaycan təhsil və pedaqoji fikir tarixinin araşdırılması istiqamətində fundamental tədqiqatların davam etdirilməsinin, bu zəngin irsin yeni nəsil tədqiqatçılara çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

    ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov isə akademik Hüseyn Əhmədovun elmi fəaliyyətinin əsas istiqamətlərinə toxunub. Prorektor bildirib ki, akademikin araşdırmaları Azərbaycan pedaqoji elminin inkişaf tarixinin öyrənilməsi, ayrı-ayrı pedaqoji ideyaların və təhsil ənənələrinin sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Asəf Zamanov elmi irsin yeni tədqiqatlarla   zənginləşdirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

     Çıxışlarda akademik Hüseyn Əhmədovun Azərbaycan təhsil və pedaqoji fikir tarixinin öyrənilməsinə verdiyi töhfələr, onun çoxillik elmi-pedaqoji fəaliyyəti və zəngin elmi irsinin müasir tədqiqatlar baxımından əhəmiyyəti geniş müzakirə olunub.

Plenar iclasdan sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Nəşriyyat şöbəsinin müdiri Hüseyn Cavad oğlu Hacıyevin 70 illik yubileyi qeyd olunub

News Image

Nəşriyyat şöbəsinin müdiri Hüseyn Cavad oğlu Hacıyevin 70 illik yubileyi qeyd olunub

Universitetimizin Nəşriyyat şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin üzvü, uzun illər ərzində səmərəli və məsuliyyətli fəaliyyəti ilə kollektivin dərin hörmətini qazanan Hüseyn Cavad oğlu Hacıyevin 70 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib.

       Hüseyn Cavad oğlu Hacıyev 70 illik ömür yolunun mühüm bir hissəsini universitetimizin inkişafına və ictimai həyatına həsr edib. Çoxillik əmək fəaliyyəti, işinə məsuliyyətli münasibəti, prinsipiallığı, yüksək təşkilatçılıq bacarığı və kollektivə bağlılığı ilə seçilən Hüseyn müəllim həmkarları arasında özünəməxsus hörmət və nüfuz qazanıb.

      Yubiley münasibətilə Hüseyn Cavad oğlu Hacıyev Universitet Elmi Şurasının iclasında rektor tərəfindən təbrik edilib, ona Fəxri fərman təqdim edilib, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

       Həmkarlar İttifaqı Komitəsi tərəfindən də yubilyara ehtiram və xoş arzular ifadə olunaraq, 70 illik yubileyi münasibətilə Fəxri fərman və pul mükafatı təqdim edilib.

        Hüseyn müəllimin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin üzvü kimi fəaliyyəti, həmkarların sosial və ictimai məsələlərinə həssas münasibəti, kollektivin həyatında fəal iştirakı xüsusi qeyd olunmağa layiqdir.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

İsmayıllıya növbəti maraqlı səyahət

News Image

İsmayıllıya növbəti maraqlı səyahət

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə İncəsənət və Fiziki tərbiyə fakültələrinin əməkdaşları bu dəfə yolunu ecazkar təbiəti ilə seçilən İsmayıllıya salıblar.

    Həmkarlarımız səfər zamanı rayonun gözəl guşələrini ziyarət edib, təbiətin füsunkar mənzərələrindən zövq alıb, birlik və həmrəylik ruhunu daha da möhkəmləndiriblər.

Qeyd edək ki, səfərin nəqliyyat təminatı ADPU Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilib.

Əməkdaşlarımıza xoş istirahət, bol müsbət təəssüratlar və yadda qalan xatirələr arzulayırıq! 

Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının əməkdaşları üçün Şamaxıya ekskursiya təşkil olunub

News Image

Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının əməkdaşları üçün Şamaxıya ekskursiya təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının əməkdaşları Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə Şamaxıya ekskursiya ediblər.

Ekskursiyanın əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, istirahətlərinin təmin olunması, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin daha da möhkəmləndirilməsi olub. Səfər iştirakçıları Şamaxının tarixi və füsunkar məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar.

Qeyd edək ki, Həmkarlar İttifaqı Komitəsi əməkdaşların sosial rifahının yüksəldilməsi, asudə vaxtının səmərəli təşkili və kollektivdə sağlam mənəvi mühitin gücləndirilməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsini mütəmadi olaraq davam etdirir. 

ADPU HİK-in dəstəyi ilə 4 nömrəli Tələbə Poliklinikasının əməkdaşları üçün ekskursiya təşkil olunub.

News Image

ADPU HİK-in dəstəyi ilə 4 nömrəli Tələbə Poliklinikasının əməkdaşları üçün ekskursiya təşkil olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə universitetin nəzdində fəaliyyət göstərən 4 nömrəli Tələbə Poliklinikasının əməkdaşları üçün Şamaxı rayonuna ekskursiya təşkil edilib.

   Ekskursiyanın əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yüksəldilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və xoş ünsiyyət mühitinin möhkəmləndirilməsi olub.

    ADPU Həmkarlar İttifaqı Komitəsi üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənəvi motivasiyasının artırılması və asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirdiyi tədbirləri bundan sonra da davam etdirəcək.

    ADPU Həmkarlar İttifaqı Komitəsi üzvlərinin rifahının yüksəldilməsi və onların mənalı istirahətinin təşkili daim diqqət mərkəzində saxlanılır.

Filologiya fakültəsinin Elmi Şurasında əməkdaşlar təltif olunublar

News Image

Filologiya fakültəsinin Elmi Şurasında əməkdaşlar təltif olunublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Elmi Şurasının iclasında yubiley yaşlarını qeyd edən əməkdaşların təltifetmə mərasimi keçirilib.

     ADPU-nun Xarici Dillər Mərkəzinin baş müəllimi Mehriban Akif qızı Mahmudovanın 60 illik və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Saleh qızı Hümmətovanın isə 40 illik yubileyi münasibətilə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətləri, universitetin ictimai həyatındakı fəallıqları və təhsilin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilərək Həmkarlar İttifaqı Komitəsi tərəfindənFəxri fərman, gül dəstəsi və pul mükafatı ilə təltif olunublar.

Təltifetmə mərasimində ADPU HİK-in nümayəndəsi olaraq iştirak edərək yubilyarları səmimi qəlbdən təbrik etdik, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzuladıq. Əməyə verilən dəyər, əslində, elmə və gələcəyə verilən dəyərdir. ADPU Həmkarlar İttifaqı Komitəsi bu nəcib ənənəni davam etdirərək universitetimizin inkişafına töhfə verən əməkdaşların zəhmətini daim yüksək qiymətləndirir.

    ADPU Həmkarlar İttifaqı Komitəsi olaraq yubilyarlarımızı bir daha ürəkdən təbrik edir, onlara uzun ömür, sağlamlıq və yeni nailiyyətlər arzulayırıq!